CSSC Baku


Гео и язык канала: не указан, не указан
Категория: не указана


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakı şəhərində yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda gedən siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır.

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
не указан, не указан
Категория
не указана
Статистика
Фильтр публикаций


Pentaqon sənədləri: sızma mənbəyi və əks-təsirləri

İctimaiyyətə sızan məxfi sənədlər birinci dəfə hələ 13 yanvarda Discord şəbəkəsinin Thug Shaker Central serverində yayılmışdır. Ardınca 1-2 mart tarixlərində “tam məxfi” qrifli 30-dan artıq sənəd Discord-un digər serveri olan WowMao-da, 4 martda daha 10 sənəd Discord şəbəkəsinin “Minecraft Earth Map” oyun serverində, bir ay sonra isə bu sənədlər “4chan” şəbəkəsində və Rusiyameylli “Donbass Devushka” teleqram kanalında paylaşıldı.
 
Məxfi Sənədlər
Güc strukturlarının anonim mənbələri sənədlərin həqiqi olduğunu və müharibə başlayandan bəri ən böyük sızıntı olduğunu bildirirlər. Sənədlər müharibə iştirakçılarının güclü və zəif tərəflərini, itkiləri, Ukrayna ordusunun maddi-texniki təminatını, əks-hücuma hazırlıq səviyyəsini və hətta əks-hücum üçün zəruri iqlim dəyişikliyinin nə vaxt baş verəcəyini əks etdirir. Sənədlərə görə qış ayları ərzində intensiv raket hücumlarından qorunan Ukrayna, hələ də hava hücumundan müdafiə qüvvələrini əhali, infrastruktur və ordu birləşmələrini qorumaq üçün bölüşdürməlidir. Sənədlərdə cari vəziyyət təhlil olunsa da, əks-hücumun nə vaxt və hansı istiqamətdə olacağı qeyd edilmir.

Sızıntı içərisində Mərkəzi Kəşfiyyat İdarəsinin Cənubi Koreya ilə bağlı hesabatları da var. MKİ hesabatlarına görə Cənubi Koreya höküməti Ukraynaya silah-sursatın göndərilməsi məsələsində ABŞ tərəfindən təzyiqlərə məruz qalacağından ehtiyat edir. MKİ bunu radio-texniki kəşfiyyat sayəsində, yəni Cənubi Koreya rəsmiləri arxasınca gizli izləmə təşkil etməklə əldə etmişlər.
 
Mənbə və təşkilatçılar
İlkin versiyaya görə məxfi sənədlər ABŞ Milli Qvardiyasının Hərbi Hava Qüvvələrinin kiber sistemlərinin kiçik texniki Cek Teyşeyr tərəfindən sızdırılıb. Məlumat C.Teyşeyr tərəfindən sızdırılsa da, görünən odur ki, əməliyyatın arxasında Rusiyanın xüsusi xidmət orqanları dayanır. Obyektiv motivlərdən savayı, sənədlər üzərində edilən dəyişikliklər də təşkilatçının Rusiya olduğuna işarə edir. Rəsmi və qeyri-rəsmi hesablamalara görə Rusiya müharibədə 189-223 min nəfər, Ukrayna isə 124-131 min nəfər itki verib. Lakin sənədlərdə Ukraynanın itkiləri süni sürətdə şişirdildiyi halda (61-71 min), Rusiyanın itkiləri isə əksinə, aşağı salınıbdır (16-17 min). Həmçinin diqqət yetirdikdə rəqəmlərin bir-birinin güzgü əksi olduğunu da müşahidə etmək olar (61-71 ↔ 16-17). Ehtimal ki, Rusiya uğursuzluqlarını gizlətmək üçün sənədləri sızdırmaqdan əvvəl onlara müvafiq düzəlişlər edib. 
 
Nəticə və əks-təsirlər
Əksər ekspertlərin rəyinə baxmayaraq sızıntı ABŞ-ın müttəfiqlərlə münasibətlərinə ciddi təsir göstərməyəcək. ABŞ-ın müttəfiq/tərəfdaşların arxasında casusluq etməsi hamıya məlum bir faktdır. Eşelon şəbəkəsinin ifşası, ardınca isə Milli Təhlükəsizlik Agentiliyinin sabiq əməkdaşı E.Snoudenin etirafları ABŞ-ın qlobal casusluq şəbəkəsinin üstünü açsa da, Vaşinqtonun müttəfiqlərlə münasibətlərinə ciddi ziyan vurmadı. Digər tərəfdən sızıntı ABŞ-Cənubi Koreya arasında müəyyən anlaşılmazlıq yaratsa da, mart ayında Seul özüyeriyən Krab haubitsalarının Ukraynaya ötürülməsinə razılıq vermişdir.
 
Bununla belə sızıntı Ukraynanın yaxın həftələrdə başlamalı olduğu əməliyyatı gecikdirə və hətta onun nəticələrinə mənfi təsir göstərə bilər. İnsayd məlumatlara görə Kiyev maddi-texniki çətinliklərini gizlətməyə çalışdığına görə sızıntı Ukraynada hiddətlə qarşılanıb. Sənədlərdən belə qənaətə gəlmək olar ki, ABŞ Rusiyanın bütün xüsusi xidmət orqanlarından məlumat əldə edir. Əgər Rusiya ABŞ-a gedən məlumat kanallarını bağlaya bilsə, bu ABŞ kəşfiyyatının imkanlarını zəiflədə və beləliklə, Ukrayna müharibəsinin gedişatına mənfi təsir göstərə bilər.

@cssc_cqtm


Trampa qarşı məhkəmə işinin siyasi-hüquqi aspektləri

Amerika tarixində ilk dəfə olaraq D.Tramp timsalında sabiq prezidentə qarşı cinayət işi açılıb. Trampa qarşı sənədlərin saxtalaşdırılması maddəsinin 34 bəndi üzrə ittiham irəli sürürlər. Tramp ittihamları rədd edib, cinayət işini prezident seçkilərinə müdaxilə adlandırır. Hüquqşünaslar ittihamın və (bəzilərinə görə) hətta mühakimənin Trampın əlindən namizəd olma hüququnu almadığını, real məhkəmə istintaqının isə ən azı bir ildən sonra başlayacağını qeyd edirlər.

İttihamlar
İddialara görə American Media Inc. (AMI) şirkəti və Trampın xüsusi köməkçisi Koen 2016-cı il prezident seçkilərinə qədər Trampın nigahdan kənar övladı olduğunu iddia edən “Trump Tower” əməkdaşına $30 min, Trampla cinsi əlaqədə olduğunu iddia edən qadına $150 min, “adult film” aktrisası S.Denielsa isə $130 min pul ödəyib. Nyu-Yorkda biznes qeydlərinin saxtalaşdırılması cinayət olmasa da, bunun başqa bir cinayət işinin (məsələn, dələduzluq) tərkib hissəsində getməsi əsaslı iş kimi nəzərdən keçirilir. Beləliklə, Trampı qeyd edilən şəxslərə pul verməkdə yox, federal seçki qanunlarına zidd olaraq bunu sənədlərdə hüquqi xidmətlərə görə xərclər kimi qeyd etməkdə ittiham edirlər.

Əks-arqumentlər
Tramp Manhetten dairəsinin prokuroru A.Braqqı və hakim X.Mercanı özünə qarşı şəxsi düşmənçilikdə ittiham edir. Cinayətin federal qanunvericiliyi ilə əlaqəli olsa da nədənsə Trampa qarşı istintaqı federal prokuror/məhkəmə yox, Nyu-York ştatının orqanları 9başlayıb. Federal dairələr əvvəllər oxşar məsələlər üzrə yoxlamaya başlasalar da, istintaqa başlamaqdan imtina etmişdilər. Nyu-York ştatının isə hər iki senatoru (Ç.Şumer və K.Gillibrand), qubernatoru (K.Houkul) və şəhərin meri (E.Adams) demokratlar partiyasının üzvləridir. Həmçinin qeyd edək ki, Trampın həbsindən bir neçə saat sonra S.Deniels sabiq prezidentə qarşı 2018-ci ildə başladığı məhkəmə işində məğlub oldu və məhkəmə tərəfindən Trampa vəkillik xərcləri üçün $122 min ödəməyə məcbur edildi.

2024-cü il seçkiləri
“Gallup” mərkəzinin may sorğusunda Baydenin reytinqi 41%, iyunda isə 33%-ə bərabər idi. 2023-cü ilin mart və fevral aylarında Baydenin fəaliyyətindən 54%, mart ayında isə 56% amerikalı narazı idi. Demokratlar ehtiyat edirlər ki, aşağı reytinqli Baydenin 2024-cü ildə Trampla yenidən üz-üzə gəlməsi Ağ Evin itirilməsi ilə nəticələnə bilər. Lakin, Trampın namizəd olmasından bəzi respublikaçı dairələr də narazıdır. Trampın dəstəklədiyi bir çox namizədlərin aralıq seçkilərində məğlub olması mediamaqnat Rupert Merdok daxil bir sıra nüfuzlu respublikaçıların Trampdan üz döndərməsinə gətirdi. Hazırda respublikaçılar partiyası Florida qubernatoru R.DeSantisi vahid namizəd kimi prezident seçkilərinə hazırlayırlar. Partiya ehtiyat edir ki, DeSantis ilə bərabər Trampın da namizəd olması respublikaçı elektoratı parçalayıb, Ağ Evin demokratlarda qalması ilə nəticələnə bilər.

Nəticə
Potensial olaraq Nyu-York ştatı Trampa qarşı məhkəmə işini növbəti ilin yanvarında, praymeriz ərəfəsində başlaya bilər. Lakin, Trampın öz tərəfinə cəlb etdiyi nüfuzlu vəkillər məhkəmə prosesinin seçkilərdən sonra başlaması üçün əlindən gələni edəcəklər. Manhetten dairə prokurorunun istinad etdiyi hüquqi aspekt təzə və məhkəmə sınaqlarından keçməmiş olduğu üçün Trampa qarşı açılan iş böyük ehtimal ya istintaq səviyyəsində dayandırılacaq, ya da məhkəmə dəlillərinin az olması səbəbindən Trampın leyhinə qərar çıxarmağa məcbur olacaq.
 
Görünən odur ki, cari istintaqdan ən çox udan Trampın özüdür. ABC News/Ipsos tərəfindən aparılan sorğuya əsasən, amerikalıların 35%-i Trampa qarşı ittihamları əhəmiyyətli hesab etmir, 47%-i isə irəli sürülən ittihamların siyasi motivli olduğunu düşünür. İstintaq həmçinin Trampa öz tərəfdarlarını səfərbər etməyə, respublikaçı seçicilər içərisində reytinqini artırmağa (martda 44%, hazırda 48%) və populyarlığa görə hətta DeSantisi keçməyə belə imkan verdi. Həm də eks-prezidentin baş müşaviri C.Millerə görə Trampa qarşı ittihamların irəli sürüləcəyi xəbəri yayılandan bəri Tramp öz seçki kampaniyasına $7 mln. ianə toplaya bilmişdir.

@cssc_cqtm


Kanalımızın izləyicilərinin sayı 3 mini keçdi. Bu nəticənin əldə edilməsinə görə bütün izləyicilərimizə və bizlə əməkdaşlıq edən kanallara öz təşəkkürümüzü bildiririk! Sizin dəstəyiniz sayəsində təhlillərimiz geniş auditoriyaya yayılır. Bundan sonra da aktiv şəkildə aktual siyasi və iqtisadi məsələlər ilə bağlı təthlillərimizi sizin diqqətinizə çatdıracağıq.


Rusiyanın sanksiyalardan yayınmasında Ermənistanın rolu 

Rusiya-Ukrayna müharibəsinə görə Ermənistanın iqtisadi problemlərlə qarşılaşacağı gözlənilsə də 2022-ci ildə böyük iqtisadi artım qeydə alındı. Rusiyanın böhran yaşadığı dövrdə iqtisadiyyatı ondan asılı olan Ermənistanda sürətli artım təbii şəkildə baş verə bilməzdi. Bu süni artımın formalaşmasında sanksiyalardan yayınmağa imkan yaratmaq üçün Ermənistanın Rusiyaya yenidənixracda iştirak etməsi  böyük rol oynamışdır.

2022-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi 69%, ixracı 78%, idxalı isə 63.5% artmışdır. Ciddi iqtisadi əsas olmadan ticarət dövriyyəsinin kəskin artması və Rusiya-Ukrayna müahribəsinin baş verdiyi dövrlə üst-üstə düşməsi şübhə yaradır. Bu dövrdə, Ermənistandan Rusiyaya ixrac 2.4 dəfə, idxal 40% artmışdır və Rusiyanın ixracda payı 45%-ə çatmışdır. Rusiyadakı iqtisadi böhrana görə Ermənsitanla ticarət əlaqələrinin zəifləyəcəyi gözlənilsə də buna əks prosesin getdi. Bu ticarətdə kəskin artımın süni olduğunu göstərir və Ermənistanın yenidənixracda iştirakı ilə bağlı şübhələr yaradır. 

Ermənistandan Rusiyaya ixracın daha kəskin artması göstərir ki, Ermənistan Rusiyaya daha çox məhsul idxal etməyə kömək edir. Təsadüfi deyildir ki, 2022-ci ildə Vietnamdan Ermənistana ixrac 380%, Meksikadan ixrac  324%, Türkiyədən ixrac 361%, Yaponiyadan ixrac 252%, Qazaxıstandan ixrac 201%, Hindistandan ixrac 190%, Filippindən ixrac 181%, Cənubi Koreyadan ixrac 102% artmışdır. Bu ölkələrdən çoxunun yenidənixrac üçün Ermənistandan istifadə etməsi ehtimalı böyükdür. Çünki onların Rusiya ilə ticarət əlaqələri çox inkişaf edib. Məsələn, Yaponiya və C.Koreyanın Rusiyaya çip ixracında Ermənistandan istifadə etməsi ehtimalları böyükdür.

Qərb ölkələri də 2022-ci ildə Ermənistana ixracı artmışdır. Bu dövrdə Serbiyadan ixrac 6 dəfə, Yunanıstandan ixrac 273%, Britaniyadan ixrac 132%, İspaniyadan ixrac 121%, Kanada və Çex Respublikasından 2 dəfə, İsveçrədən ixrac 78%, Polşadan ixrac 69%, Macarıstandan ixrac 61% artmışdır. Avropa İttifaqından (Aİ) Ermənistana ixrac 70% artaraq $1.3 milyarda çatmışdır.

İxracın böyük məbləğlərə çatdığı ölkələrə isə ABŞ və Almaniya aiddir. Bu ölkələrdən ixrac 2022-ci ildə 3 dəfə artıb müvafiq olaraq $386.5 və $505 milyona çatmışdır. Həm də, 2022-ci ildə Almaniyadan Rusiyaya ixrac 45%, ABŞ-dan ixrac 3.5 dəfə azalmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, bu ölkələrin əksəriyyəti Rusiyaya ixracın azalan həcmlərini Ermənitsan vasitəsilə Rusiyaya ixrac etməklə kompensasiya etməyə çalışmışdır.

Ermənistanın yenidənixracda iştirakını həm də o faktor təsidiqləyir ki, Ermənistanın böyük istehsal imkanı yoxdur. Məsələn, 2022-ci ildə Ermənistanda emal sənayesi istehsalı 13.5%, kənd təsərrüfatı istehsalı 9%, sənaye istehsalı isə 10% artıb. Bu artımlar Ermənistandan ümumi ixracın 78%, Rusiyaya ixracın isə 2.4 dəfə artmasına imkan yarada bilməz.

Bundan başqa, Ermənistana idxalı kəskin artan 7 məhsul növünün 6-sı 2022-ci ildə Rusiyaya ən çox ixrac edilən 10 məhsul sırasına daxil olub. Həm də 2022-ci ildə bu məhsulların Rusiyaya ixracı kəskin artıb. Həm idxalı, həm də Rusiyaya ixracı kəskin artan məhsulların eyni məhsullar olması sübut edir ki, Ermənistan bu məhsulların Rusiyaya yenidənixracı ilə məşğuldur. Həm də Rusiyadan Ermənistana pul köçürmələrinin kəskin artması da yenidənixracda iştirak etdiyini göstərir. 2022-ci ildə Rusiyadan köçürmələr 4 dəfə artaraq rekord həddə, $3.6 milyarda çatmışdır.

Ermənistana Rusiyaya yenidənixracda üstünlük yaradan onun həm AİB üzvü olması, həm də  Aİ ilə CEPA müqaviləsinin olmasıdır və Ermənistan bundan sui-istifadə edir. Uzun illərdir Ermənistan İrana da sanksiyalardan yayınmağa kömək edir və İranla Avrasiya İqtisadi Birliyi arasında  körpü rolunu oynayır. Bütün bunlara baxmayaraq, Qərb Ermənistana qarşı hər hansı bir ciddi addım atmır. Əksinə göz yumaraq Ermənistana qazanc əldə etməyə, İran və Rusiyaya sanksiyaların təsirini azaltmağa, digər ölkələrə isə sanksiyalardan yayınmağa imkan yaradır.

@cssc_cqtm

Daha ətraflı: https://cssc.az/az/view/2/35/rusiyanin_sanksiyalardan_yayinmasinda_ermenistanin_rolu
 

43k 3 23 1 18



İran Azərbaycandan nə istəyir?

Rusiyadan (Ermənistanla) və Türkiyədən (Gürcüstan və Azərbaycanla) fərqli olaraq İran 30 il ərzində heç bir Cənubi Qafqaz ölkəsi ilə strateji tərəfdaşlıq münasibətləri qura bilmədi. Əvəzində bu Ermənistana yardım göstərməklə Azərbaycan ilə münasibətləri korladı. İşğal dövründə İran dəfələrlə vasitəçilik təklifləri ilə çıxış etsə də, İrəvanı sülhə məcbur etmək istiqamətində heç bir addım atmadı.

2020-ci ilin sentyabrında Azərbaycan əks-hücum əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü bərpa edib, regionda yeni geosiyasi reallıq formalaşdırdı. 9 ay sonra İranda yeni hakimiyyət formalaşdı. Sələfi H.Ruhanidən fərqli olaraq İ.Rəisinin hakimiyyəti dövründə İran-Azərbaycan münasibətləri geriyə addımladı.

Buna baxmayaraq, Bakı İranın mövqe/maraqlarını nəzərə alaraq “3+3” və Rusiya-Azərbaycan-İran əməkdaşlıq formatları ilə çıxış etdi. Azərbaycan prezidenti Xudafərin körpüsünü “dostluq körpüsü” adlandırdı, 2022-ci ilin martında isə tərəflər İran ərazisi boyunca yeni nəqliyyat dəhlizinin çəkilməsi haqqında anlaşma memorandumu imzaladılar.  

İranın narahatlıqları

Sərhədlərin dəyişdirilməsi
. İran regionda sərhədlərin dəyişdirilməsini qırmızı xətt adlandırır. Lakin, regionda sərhədləri güc yolu dəyişdirməyə cəhd edən 2 ölkə İranın regional (Ermənistan) və qlobal (Rusiya) müttəfiqləridir. Ermənistan Qarabağı “xilas naminə ayrılma” prinsipi ilə Azərbaycandan, Rusiya isə Abxaziya/Cənubi Osetiyanı “dərinləşdirilmiş inteqrasiya” adı altında Gürcüstandan qoparmaq istəyir. Maraqlıdır: İran Abxaziya ilə Cənubi Osetiyanı Gürcüstanın ərazisi kimi tanıyırmı?!

Qalib gəlməsinə baxmayaraq, məhz Bakı ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında İrəvana sülh təklif etdi, rəsmi İrəvan isə 5 prinsipi qəbul etdiyini bəyan etdi. Bəs İran, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına dair rəsmi və səmimi mövqe sərgiləyibmi?!

Münhen təhlükəsizlik konfransında Azərbaycanın Laçın və Zəngəzurda Nəzarət Buraxılış Məntəqələrinin quraşdırılmasına dair təklifi Ermənistanın ərazi bütövlüyünün tanınmasına dair açıq mesaj idi. Bu 2 fakt Bakının regionda sərhədləri güc yolu ilə dəyişdirmək istəmədiyini sübut edir.

Zəngəzur dəhlizi. Üçtərəfli razılaşmaya əsasən, Ermənistan Naxçıvana nəqliyyat kommunikasiyallarına  təhlükəsizlik zəmanəti verməli, Rusiya isə nəzarəti həyata keçirməlidir. İranı narahat edən eksterritoriallığı Ermənistandan hazırda Bakı yox, Moskva tələb edir. Belə çıxır ki, İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığı Rusiyanın eksterritorial təklifi ilə əlaqəlidir. 1992-ci il dən İran-Ermənistan sərhədinə Rusiya sərhədçiləri nəzarət edir. Rusiyanın nəzarət etdiyi Zəngəzur dəhlizini Azərbaycanın necə işğal edəcəyi, İranla əlaqəni necə kəsəcəyi, necə “Böyük Turan” quracağı − cavab tələb etməyən ritorik suallardır.

İsrail-Azərbaycan hərbi əməkdaşlığına aid iddialar bu səbəblərdən əsassızdır: 1) Ölkə rəsmiləri dəfələrlə Azərbaycan ərazisinin başqa dövlətlərə qarşı istifadə edilməyəcəyini bəyan ediblər; 2) Hərbi doktrina ölkə ərazisində xarici hərbi bazaların yaradılmasını qadağan edir; 3) Xəzərin hüquq statusuna dair Konvensiyaya əsasən, üzv ölkələr öz ərazisini tərəflərdən hər hansı birinə qarşı “təcavüz və ya digər hərbi addım atmaq üçün digər dövlətlərə” verməməlidir. Azərbaycan İrandan fərqli olaraq Konvensiyanı 2019-cu ildə ratifikasiya etmişdir; 4) Azərbaycan Fələstin ilə bağlı bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir; 5) Əgər İsrail Fələstini işğal edibsə, Ermənistan da Azərbaycan ərazilərini işğal etmişdi. İran Ermənistanla münasibətlərini normal saxlamasını vasitəçi potensialının qalması ilə əlaqələndirirdi, indi də Azərbaycan İran-İsrail arasında vasitəçi olması üçün hər iki dövlətlə normal münasibət saxlamalıdır.  

Nəticə
Azərbaycanla bağlı İranın gözləntiləri əsaslı olmalı və reallığı nəzərə almalıdır. Daxili işlərə qarışmama prinsipini rəhbər tutaraq İran Azərbaycana münasibətdə konstruktiv addımlar atmalıdır. İran istiqamətində Azərbaycan daim reaktiv münasibət sərgiləyib və münasibətlərin müsbət olması və ya korlanması İranın addımlarından asılı olub.

@cssc_cqtm


Rusiyanın yeni Xarici Siyasət Konsepsiyası

31 mart tarixində Rusiya prezidentinin sərəncamı ilə yeni Xarici Siyasət Konsepsiyası qəbul edildi. Konsepsiyaya görə Rusiya “dünya inkişafının suveren mərkəzlərindən biri kimi” çıxış edib, “qüvvələr arasında qlobal balansı saxlamaq və çoxqütblü beynəlxalq sistem qurmaq kimi unikal tarixi missiyanı” yerinə yetirir. Sənəddə Rusiya özünü orijinal ölkə-sivilizasiya, nəhəng Avrasiya və Sakit okean fövqəl dövləti, rus dünyasının dayaq nöqtəsi, qlobal qüvvələr balansının qorunmasında və dövlətlərin müstəqilliyinin təmin edilməsində müstəsna rol oynayan dünya inkişafının suveren mərkəzlərindən biri kimi identifikasiya edir.

Geosiyasi/iqtisadi prizma
Rusiya təhlükəsizliyə bölünməzlik prinsipindən (bir ölkənin təhlükəsizliyi digərinin hesabına təmin edilə bilməz) yanaşır. Bu prinsip Ukrayna müharibəsindən qabaq Qərbə verilən ultimatumun və hazırda gedən müharibənin əsasında duran siyasi dəlillərdən biridir. Konsepsiyaya görə Rusiya bütün maraqlı dövlətlər və dövlətlərarası birliklərlə bu əsasda “beynəlxalq təhlükəsizliyin yenilənmiş, daha sabit arxitekturasını formalaşdırmaq üçün birgə fəaliyyətə açıq olduğunu” bəyan edir.

Konsepsiyaya görə Rusiyanın aparıcı inkişaf mərkəzi olması və müstəqil xarici siyasət aparması ABŞ tərəfindən Qərbin hegemonluğuna təhlükə kimi qəbul edilir. Bu səbəbdən Qərb və onun “satellitləri” “uzunmüddətli anti-Rusiya siyasətini gücləndirmək üçün” Ukrayna istiqamətində hibrid müharibənin yeni növünü işə saldılar. Sənəddə Moskva hazırda baş verənlərin Rusiyanın seçimi olmadığını və Qərbi özünə düşmən saymadığını bildirir. Rusiya Qərb dövlətlərinin gələcəkdə öz qarşıdurma siyasətinin və hegemon ambisiyalarının mənasızlığını dərk edib, çoxqütblü dünyanın mürəkkəb reallıqlarını nəzərə alıb, suveren bərabərlik prinsiplərini rəhbər tutaraq Rusiya ilə praqmatik qarşılıqlı fəaliyyətə qayıdacağını gözləyir.

Xarici Siyasət Konsepsiyasına görə Rusiya qeyri-dost ölkələrdən xarici iqtisadi asılılığını azaltmalı, “konstruktiv və neytral siyasət” aparan ölkələrlə əlaqələrini inkişaf etdirməli, dünya bazarlarına çıxış imkanlarını yaxşılaşdırmalı, siyasətdən kənar, təhlükəsiz beynəlxalq ödəniş sistemi yaratmalı və müttəfiq/tərəfdaşlarla milli valyutalarda hesablaşmanı təmin etməlidir.

Çin/Hindistan/İslam dünyası
Sənədə görə Rusiya xarici siyasətinin strateji məqsədlərinə nail olmaq və əsas vəzifələrini yerinə yetirmək üçün Avrasiya qitəsində yerləşən və prinsipial şəkildə üst-üstə düşən yanaşmalara sadiq olan dost suveren qlobal güc və inkişaf mərkəzləri ilə əlaqələrin hərtərəfli dərinləşdirilməsi və əlaqələndirilməsinə xüsusi diqqət ayıracaqdır. Bu məqsədlə Rusiya Çin ilə hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığı daha da gücləndirməyi və ikitərəfli ticarət, investisiya və texnoloji əlaqələrin inkişafı üçün Hindistan ilə imtiyazlı strateji tərəfdaşlıq əlaqələri qurmağı hədəfləyir. Konsepsiyada Rusiyaya münasibətdə konstruktiv siyasət aparan ölkələrə (bu ardıcıllıqla) İran, Suriya, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir kimi müsəlman dövlətləri də aid edilir.

Cənubi Qafqaz
Konsepsiyaya görə Cənubi Qafqazda 3 yox, 5 dövlət var. Sənəddə Azərbaycan, Ermənistan və Gürcüstanın adı çəkilməsə də, əvəzində 2 dəfə Abxaziya və Cənubi Osetiyanın adı çəkilir və onların Rusiya ilə inteqrasiyasının dərinləşdirməli olduğu bildirilir.

Hazırda yeni Xarici Siyasət Konsepsiyasında yazılanların çoxu Rusiyanın reallıqda atdığı addımlarda öz əksini tapmır. Bundan başqa, Ukrayna müharibəsindəki uğursuzluq nəticəsində  yaxın gələcəkdə bu konsepsiyanın dəyişdirilməsi nəzərdən keçirilə bilər. Ona görə də dəyişən dünya və Rusiyanın məhdudlaşan resursları kontekstində bu konsepsiyanı uzunmüddətli doktrinal sənəd hesab etmək olmaz.
 
@cssc_cqtm


İsrail: məhkəmə islahatı/inqilabı

Seçki nəticələrinə uyğun olaraq B.Netanyahu (BN) hökümət formalaşdırmaq üçün ultramillətçi/ortodokslarla koalisiyaya girməyə məcbur oldu. Əhali onsuz da mürəkkəb olan yəhudi-fələstin münasibətlərinin ultrasağçılar tərəfindən daha da kəskinləşdiriləcəyindən ehtiyat edirdi.

Problemli Koalisiya
Dini Sionizm partiyasının lideri B.Smotriç yeni hökümətdə maliyyə naziri, əvvəllər irqçilik və terrorizmə görə məhkum olunmuş İ.Ben-Qvir isə Daxili Təhlükəsizlik Naziri portfelini əldə etdi. B.Smotriç Fələstin muxtariyyətinin yerləşdiyi İordan çayının Qərb sahilindəndir. Bu ərazi İsrail tərəfindən “Altı günlük müharibə” zamanı nəzarətə götürülmüşdü. Beynəlxalq ictimaiyyət Ərəb-İsrail münaqişəsinin tənzimlənməsində “iki xalq üçün iki dövlət” formulsaından çıxış etsə də, İsrail, xüsusilə hazırkı ultra-mühafizəkar hökümət bu yanaşmanı birmənalı olaraq rədd edir. Hazırda İordan çayının Qərb sahilində 600 min yəhudinin yaşadığı 140 yaşayış məskəni salınıb. Smotriç maliyyə naziri olmaqla yanaşı, bu əraziyə nəzarət edən və fələstinlilərin həyati üçün vacib qərar qəbul edən məsul şəxsdir. Məhkəmə islahatı bu narazılıqlar zəncirinin sadəcə son bəndi idi.

Məhkəmə islahatı
İsraildə Ali Məhkəmə (AM) 9 nəfərdən ibarət (ədliyyə naziri + AM sədri + AM-ın iki hakimi + hökümətdən 1 nazir + Knessetin 2 üzvü + vəkillər kollegiyasının 2 üzvü) Komitə tərəfindən formalaşdırılır. Netanyahuya görə Knessetdən fərqli olaraq AM xalq tərəfindən seçilmədiyinə görə qanunverici orqanın qərarlarına veto qoya bilməz. BN-nin məhkəmə islahatına görə Knesset sadə (61) səs çoxluğu ilə AM-ın vetosunu ləğv edə biləcək. İslahatın əleyhdarları yeni islahatın hakimiyyət qolları arasında balansı pozub, İsraildə hakimiyyət iyerarxiyasının formalaşmasına gətirəcəyini iddia edirlər.

Parçalanma xəttləri
Tərəflərin barışmaz mövqeyi yüz minlərlə etirazçını küçəyə çıxartdı. Etirazın pik vaxtlarında bu göstərici 500 min nəfəri də üstələyirdi. 9 milyonluq İsrail üçün bu çox böyük rəqəmdir. Etirazlar siyasi narazılıq səviyyəsini keçib, milli təhlükəsizlik baxımından problemə çevrildi. İsrail daima xarici təhlükələrlə üzləşən kiçik ölkə olduğuna SQ-nin əsasını 40 yaşa qədər mütəmadi hərbi toplantılara cəlb edilən vətəndaşlar təşkil edir. Bu baxımdan əhalinin nəzərəçarpan hissəsinin etirazlara qoşulması İsrailin milli təhlükəsizliyinə də mənfi təsir göstərmişdir. 40 nəfərdən ibarət elit pilot eskadronundan 37-si etiraz əlaməti olaraq hərbi təlimlərdə iştirak etməyəcəyini bildirmişdi. Məhkəmə islahatına qarşı çıxmış müdafiə naziri Qalant isə baş nazir tərəfindən istefaya göndərilmişdir.

Nəticə etibarı ilə ölkə siyasi elita ↔ hərbi elita, prezident ↔ baş nazir, xarici işlər nazirliyi ↔ səfirlik/konsulluqlar, xalq ↔ hakimiyyət, müxalifət ↔ iqtidar, sekulyarlar ↔ ortodokslar, mülayimlər ↔ millətçilər, liberallar ↔ mühafizəkarlar xəttləri üzrə parçalanmalara məruz qaldı. Parçalanma hətta BN-nin Likud partiyasında belə müşahidə edildi. Müdafiə nazirinin istefası partiyanın bir qisminin BN-nin, digər qisminin isə Qalantın tərəfinə keçməsini şərtləndirdi.

Nəticə
İsrailin vahid Konstitusiyası yoxdur. Bu funksiyanı İstiqlaliyyət Bəyannaməsi (Declaration of Establishment), “Əsas Qanunlar” (Basic Laws), “Qayıdış Qanunu” (Law of Return), Knesset, Hökümət və Ali Məhkəmənin vacib qərarları oynayır. Konstitusiyanın olmaması hakimiyyət qolları arasında səlahiyyət bölgüsü məsələsini mübahisəli edib, hüquqi və siyasi ziddiyyətlər formalaşdırır.

Vəziyyəti xilas etmək üçün BN məhkəmə islahatını yaya qədər dayandırdığını elan etdi. Etirazçılar bundan qane olmayıb, məhkəmə islahatının ümumiyyətlə ləğv edilməsini tələb etdilər. BN-nin tərəfdarları isə əksinə, məhkəmə islahatının ləğv ediləcəyi təqdirdə baş naziri küçələrə çıxmaqla hədələdilər.
Ehtimal ki, etirazlar səngidikdən sonra dərin və uzunmüddətli daxili/xarici böhrandan qurtulmaq zərurətindən çıxış edərək tərəflər kompromisli (islahatın növbəti seçkilərə saxlanılması, AM vetosunu sadə yox, 2/3, ¾ səs çoxluğu ilə ləğv etmə, vahid Konstitusiyanın qəbulu və s. bu kimi) variantlar üzərində işləyəcəklər.

@cssc_cqtm


Yeni dünya düzənində Qoşulmama Hərəkatının yeri

Rusiya-Qərb qarşıdurmasının nəticələrinə uyğun olaraq yaranacaq yeni dünya düzənində Qoşulmama Hərəkatı xüsusi yer tutacaqdır. Qoşulmama Hərəkatı 120 ölkəni əhatə edib, özündə “Üçüncü Dünyanı” və ya “Qlobal Cənubu” təcəssüm etdirən bir təsisatdır.

Geosiyasi/iqtisadi potensial
Geosiyasi cəhətdən Qoşulmama Hərəkatı daxili aypara (Hindistan, İran, Ərəbistan yarımadası, Məqrib ölkələri), xarici aypara (Afrika + Okeaniya ölkələri) və “Heartland” (Monqolustan, Belorusiya, Türkmənistan, Özbəkistan) kimi regionları əhatə edir. Geoiqtisadi cəhətdən üzv ölkələr dünya enerji resurslarının və iqtisadi tələbatın böyük hissəsini təşkil edir. Təsisatın logistikin potensialı da yüksəkdir: üzv ölkələr (Şimal-buzlu okeanı çıxmaq şərti ilə) beş okeandan dördünə, Aralıq dənizi, Qırmızı dəniz, Xəzər dənizi, Fars körfəzi, Hörmüz boğazı, Cəbəllütariq boğazı və Süveyş kanalına çıxışa malikdirlər.

“İndiki reallığın əks olunmaması”
BMT Təhlükəsizlik Şurasının cari tərkibi müharibədə qalib ölkələri özündə ehtiva edir. O vaxtdan bəri beynəlxalq sistem iki dəfə ciddi dəyişikliyə məruz qalsa da (ikiqütblü dünya → birqütblü dünya → birqütblü dünyanın böhranı) BMT TŞ-nın tərkibi sabit qaldı. Bu səbəbdən BMT TŞ-nın cari tərkibi “indiki reallığı əks etdirmir”. Məsələyə fərqli bucaqlardan baxıb, bunda əmin olmaq olar: Global firepower indeksinə görə 2023-cü ildə Hindistan (4-cü yer) Böyük Britaniyadan (5-ci yer), Cənubi Koreya, Pakistan və Yaponiya isə (6-8-ci yerlər) Fransadan daha güclü dövlət hesab olunur; Almaniyanın iqtisadiyyatı Fransadan, Yaponiyankı isə Böyük Britaniyadan daha güclüdür; dünya əhalisinin 1/6 hissəsi müsəlman olsa da daimi üzvlər içərisində bir dənə də olsun müsəlman ölkəsi yoxdur. 

Mövcud problemlər
Cari reallığın TŞ-da əks olunmaması neokolonializm kimi bir çox problemlərə səbəb olur. Azərbaycan prezidentinə əsasən, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə dəstəkləmişdir. Fransanın yeni müstəmləkəçilik siyasətini tənqid edən dövlət başçısı rəsmi Parisi Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə + Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırmışdır.

Zəruri addımlar
Mövcud problemlərin həlli Qoşulmama Hərəkatının dünyada siyasi çəkisinin artmasını və BMT-də köklü islahatların keçirilməsini tələb edir. Bu iki zəruri addım Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi və orada bir yerin daimi Qoşulmama Hərəkatına verilməsi ilə tənzimlənə bilər. Bu daimi yerə Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə sahib olmalı və üzv ölkələrin qarşılaşdığı problemlərin həllinə kömək etməlidir. Dolayısı olaraq Hərəkat ən azı iki dəfə BMT TŞ səviyyəsində ədalətin öz yerini tapmasına kömək etmişdir. II Qarabağ müharibəsi zamanı Fransa və Rusiya tərəfindən hazırlanmış anti-Azərbaycan bəyanatı BMT TŞ-nın qeyri-daimi üzvləri olan və Qoşulmama Hərəkatının üzvü olan İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikası tərəfindən uğurla dəf edilmişdir. Eyni hal 2022-ci ildə də baş vermişdir. Bu uğurlu təcrübə Qoşulmama Hərəkatının siyasi çəkisinin artırılması və BMT-də köklü islahatların keçirilməsi üçün presedentə çevrilməlidir.

Nəticə
Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri Qoşulmama Hərəkatının təsisatlanmasıdır. Bakının sədrliyi dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub, və işğaldan azad edilən Şuşada Hərəkata üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradılıb. Bütün bunlar müəyyən olunmuş böyük hədəf istiqamətində atılan kiçik, amma çox vacib addımlardır.

@cssc_cqtm


Çin-Azərbaycan münasibətləri: maraq və təşəbbüslər

Çin Asiya-Sakit okean regionunun aparıcı qüvvəsi və formalaşmaqda olan yeni dünya düzəninin bir qütbüdür. Azərbaycan öz növbəsində Cənubi Qafqazın (CQ) lideri və Çinin Avropaya açılan qapılarından biridir. Bu faktorlar + bir çox məsələlər üzrə ortaq baxış/maraqlar Bakı və Pekinin bir-birinə doğru addımlamasını şərtləndirir.

Qarabağ/Tayvan
Çin Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan isə Tayvan, Tibet və “Şərqi Türküstan” məsələlərində Çinin mövqeyini dəstəkləyir. Bu mövqe 1996, 2005 və 2015-ci il səfərləri zamanı qarşılıqlı sürətdə təsdiqlənmişdir. 2015-ci il birgə bəyanatında isə “tərəflər birinin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı ittifaq və ya blokda iştirak etmədiklərini, ərazilərində digər tərəfin dövlət suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə zərər vuracaq təşkilat və qruplaşmaların yaradılmasına yol vermədiklərini və ərazilərində onların fəaliyyətini qadağan etdiklərini bir daha bəyan edirlər”. Hazırda Çinin Huawei şirkəti Qarabağda “ağıllı şəhər/kəndlərin” yaradılmasında aktiv iştirak edir.

İqtisadiyyat
Çinin CQ-da ən böyük ticarət tərəfdaşı Azərbaycandır. Azərbaycan və Çinin ticarət dövriyyəsi 2015-ci ildə $561 mln., 2016-cı ildə $975 mln., 2017-ci ildə $1,29 mlrd., 2019-cu ildə $2,18 mlrd., 2021-ci ildə isə $1,7 mlrd., 2022-ci ildə isə $2.16 mlrd təşkil etmişdir. Azərbaycanın Urumçi, Luco və Şanxayda ticarət evləri fəaliyyət göstərir. 2019-cu ildə Çin şirkətləri Azərbaycana $800 mln., Azərbaycan isə Çinə $1,7 mlrd. investisiya yatırtmışdır. 2018-ci ildə SOCAR və “BGP Inc.” şirkətləri birgə müəssisənin yaradılması haqqında saziş, 2019-cu ildə isə iki ölkə şirkətləri ümumi dəyəri $821 mln. olan 10 sənəd imzalamışlar.

Logistika
Çinin “Kəmər və yol” layihəsinin 6 istiqamətindən biri Azərbaycandan keçir. Rusiyanın logistik blokadaya alınması səbəbindən bu istiqamətlərdən ikisi hazırda qeyri-aktualdır. 3 avqust 2015-ci ildə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində ilk sınaq “Nomand ekspress” konteyner qatarı Bakı Limanına çatdı. Marşrutun inkişafı məqsədilə yaradılmış Koordinasiya Komitəsi Bakı, Aktau, Poti və Batumi limanlarının + Qazaxıstan, Çin, Azərbaycan dəmiryollarının qarşılıqlı inteqrasiyası istiqamətində aktiv işlər görür. BTQ Çin-Avropa arasında yükləri 12-15 gün, yəni dəniz yolu daşımalarından iki dəfə daha tez çatdırır.

Nəticə
Uzun illər Çin CQ Rusiyanın maraq sferası kimi tanıyırdı. Lakin, Rusiyanın zəifləməsi CQ daxil bir çox regionlarda geosiyasi vakuum formalaşdırdı. Çin bu boşluğu doldurmaq uğrunda ABŞ, Aİ və Türkiyə ilə rəqabət aparır. Çin 1999-cu ildə Ermənistana 8 ədəd “Tayfun” tipli raket kompleksi, 2013-cü ildə isə AR1A raket kompleksləri satsa da, hazırkı Ermənistan iqtidarının Qərbmeylli siyasəti Çinin maraqları ilə ziddiyyət təşkil edib, Pekinin Bakıya meyl etməsini şərtləndirir. Çini regionda daha aktiv rol oynamağa təhrik edən digər amil – rəqibi Hindistanın son müddət CQ-a xüsusi diqqət ayırmasıdır.

Çin maraqlarını həm birbaşa, həm də İran və Rusiya kimi müttəfiqlər vasitəsilə irəli çəkə bilər. Bakı üçün Çinin birbaşa iştirakı daha arzuolunandır, çünki Çin Tayvan və Cənubi Çin dənizi çıxmaq şərti ilə digər regionlarda iqtisadi maraqlarını siyasi maraqlardan daha üstün tutur.

İran əleyhinə formalaşmış koalisiyanın əsas oyunçularından biri Səudiyyə Ərəbistanı (SƏ) idi. Çinin iki ölkə arasındakı diplomatik münasibətlərin bərpa edilməsində uğurlu vasitəçiliyi anti-İran koalisiyasını zəiflədib, İranın Azərbaycana qarşı destruktiv fəaliyyətini  artırmış oldu. Lakin, Bakı Çinin diplomatik çəkisindən, İranın Çindən asılılığından istifadə edib, Pekini Bakı-Tehran arasında münasibətlərin nizamlanmasına cəlb edə bilər. Bakı və Tehran arasında gərginliyin azalması Çinin də maraqlarına cavab verir. Belə ki, iki enerji ixrac edən ölkənin müharibə şəraitinə gəlməsi dünyada enerji resurslarının qiymətini kəskin artıra → Çinin iqtisadi artım tempini zəiflədə və Orta dəhlizinin fəaliyyətinə təhlükə yarada bilər.

@cssc_cqtm




Dram bahalaşır, lakin ermənilər sevinə bilmir…

Son aylarda Ermənistanın milli valyutası olan dramın ABŞ dollarına qarşı bahalaşması prosesi baş verir (son üç ayda təxminən 27%). Bu proses haqqında müsbət trend kimi danışan bəzi ermənilər və hökumət nümayəndələri əslində hər gün gündəlik istehlak məhsullarını daha baha qiymətə alırlar. Yəni, dramın bahalaşması inflyasiyanın qarşısını ala bilmir. May ayında inflyasiya artıq 9%-ə çatıb. Avtomobil yanacağının qalxması daşıma xərclərini əsaslı şəkildə artırdığı üçün inflyasiyanın artan tempinin davam edəcəyini gözləmək olar. İnflyasiyanın qarşısının alınması məqsədilə Mərkəzi Bankın yenidən maliyyələşmə dərəcələrini artırması da effektiv deyildir.

Bundan başqa, Ermənistanın xarici valyutada olan köçürmələrdən asılı olması dramın bahalaşmasını əhali üçün mənfi trendə çevirir. Ona görə ki, eyni həcmdə xarici valyutada edilən köçürmələri ölkə daxilində drama çevridikdə əhali daha az pul əldə etmiş olur. Bu da onların alıcılıq qabiliyyətini zəiflədir. Fevral ayı ilə müqayisədə iyunda əhali eyni həcmdə xarici köçürmələrdən 20% daha az dram əldə edə bilir.

Dramın bahalaşması həm də ixracatçılar üçün problem yaradır.
Ona görə ki, xarici bazarlara onların məhsulları daha baha qiymətə çıxdığı üçün cəlbediciliyi azalır. Nəticədə, ixracatçılar məhsulların qiymətini azaltmalı olur və ya daha az satış həcmləri ilə kifayətlənməli olurlar. Ermənistan kimi böyük ticarət defisitinə malik olan ölkə üçün bu müsbət hal deyildir. Dramın bahalaşması xidmət ixracına da pis təsir edir. Ermənistanda son illərdə Informasiya və Kommunikasiya Texnologiyaları (İKT) inkişaf etdiyindən bu sahədə xidmət ixracı artmışdır. Baha dram isə bu xidmətlərin də bahalaşmasına səbəb olur ki, bu da İKT sektorunun inkişafına mənfi təsir edir. Ermənistanda dolların daha ucuz olması həm də xarici turistlərin xərclərini artırır ki, bu da turizm sektorunun inkişafına mənfi təsir etmiş olur.

Ermənistan Mərkəzi Bankı dramın bahalaşmasını müharibə səbəbilə Ermənistana gələn miqrantların ölkəyə böyük həcmdə valyuta gətirməsi nəticəsində dollar artıqlığının yaranması ilə əlaqələndirməyə çalışsa da bu əsaslı səbəb deyildir. Ona görə ki, miqrantların çoxu Ermənistana müvəqqəti gəldikləri üçün onların gətirdiyi valyuta əsasən yığımda passiv vəsait olaraq saxlanılır və artıq həmin miqrantların böyük hissəsi Ermənsitanı tərk etmişdir.

Ermənistanda dramın bahalaşmasının səbəbləri tam aydın olmasa da onu deyə bilərik ki, milli valyutanın bahalaşması xarici valyuta artıqlığının yaranması nəticəsində baş verir. Yəni, hazırda Ermənistanda istifadəsiz qalan dollar kütləsi vardır. Xarici valyutanın istifadəsiz qalması isə ölkədə iqtisadi aktivliyin kəskin azaldığını, əhalinin xarici valyuta ilə investisiya və ixrac əməliyyatlarını icra etməyə meylli olmadığını və ya ölkədən valyutanın çıxarılması ilə bağlı qadağaların tətbiq edildiyini deməyə əsas verir.

@cssc_cqtm


Ermənistan yeni münaqişə axtarışında....

Ötən gün Paşinyan keçirdiyi onlayn mətbuat konfransında 27 iyunda Azərbaycanın Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında planlaşdırılıran görüşdən imtina etməsini diqqətə çatdırdı. Paşinyan Azərbaycanın görüşdən imtina etməsini sülh danışıqlarına getmək istəməməsi kimi qələmə versə də Azərbaycanın görüşdən imtina etməsi üçün kifayət qədər əsası vardır. Ona görə ki, Ermənistanın verdiyi bəyanatlar ziddiyyətlidir və Azərbaycanla münasibətlərdə vahid siyasi xətt yürüdülmür. Bundan başqa, Ermənistan hökuməti ATƏT-in Minsk qrupu mexanizmindən istifadə, Qarabağda yaşayan ermənilərin statusu kimi məsələləri gündəmə gətirir hansılar ki, Azərbaycanda ərazi iddiaları kimi qəbul edilir və bu yeni münaqişənin yaranması üçün əsas verir. Bu şərtlər daxilində Ermənistanla münasibətlərin normallaşdırılması və sülh haqqında danışmaq mənasızdır və heç bir perspektiv vəd etmir. Bu baxımdan da Azərbaycanın görüşdən imtina etməsi təbiidir.

Ümumiyyətlə, 44 Günlük Müharibə bir çoxları üçün həlli çox çətin görünən və hətta mümkün olmayan Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu. Müharibədən sonra Azərbaycan açıq şəkildə bəyan etdi ki, münaqişə bitib və artıq yeni mərhələ haqqında fikirləşmək, əməkdaşlıq və quruculuq mərhələsinə başlamaq lazımdır. Lakin, yeni yaranmış reallığı dərk etməyən və ya anlamaq istəməyən bəzi dairələr, münaqişənin hələ bitmədiyi fikrindədir. Bu məntiq müharibə məntiqidir, qeyri-realdır və qeyri-kosntruktivdir. Belə ki, Azərbaycan əməkdaşlıq, uzun illərdir bağlı olan kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşdirilməsi, sülh müqaviləsinin imzalanması kimi vacib sahələrdə fəaliyyətə başlamaq niyyətindədir. Lakin, Ermənistan və vəziyyəti tam dərk etməyən bəzi ölkələr münaqişənin bitmədiyini israrla bəyan edirlər. Həm Ermənistan, həm də onunla eyni fikirdə olan ölkələr anlamalıdılar ki, bu yanaşma yeni münaqişəyə çağırış deməkdir.

Azərbaycan üçün Ermənistan Azərbaycan Qarabağ münaqişəsi bitib. Əgər, Azərbaycanla Ermənistan arasında hər hansısa bir növbəti münaqişə olacaqsa onda Azərbaycan üçün bu Zəngəzur münaqişəsi olacaqdır. Ona görə ki, Ermənistan 20 Noyabr Bəyanatını imzalamaqla öz üzərinə götürdüyü bir çox öhdəlikləri, o cümlədən Zəngəzur Dəhlizinin açılmasını icra etmir və vaxtı uzadır. Münaqişənin bitmədiyini israr edənlər anlamalıdırlar ki, bu yanaşma ilə onlar Azərbaycanın mövqeyini daha da sərtləşdirir və yeni bir münaqişə üçün zəmin yaradırlar. Azərbaycanın təklif etdiyi prinsiplər isə, nəinki bu cür mümkün münaqişələri ortadan qaldırır, həmçinin regional əməkdaşlıq və inkişafa səsləyir. Son müharibənin qalibi olan Azərbaycan və bu məsələdə ən real təsir imkanlarına sahib olan Rusiya, münaqişənin geridə qaldığı fikrini bölüşür və əməkdaşlıq üçün əməli addımlar atır. Münaqişənin bitmədiyi fikrini səsləndirənlər bir şeyi anlamalıdırlar ki, regionda yeni reallıq yaranıb və bu reallığın əksinə atılan istənilən addım uğursuz olacaqdır və nəticələri Ermənistan üçün daha ağır olacaqdır.

@cssc_cqtm


Lavrovun Bakı səfəri

Bakıda səfərdə olan Sergey Lavrov həm prezident İlham Əliyev, həm də Xarici işlər Naziri Ceyhun Bayramovla görüşüb. Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı Lavrovun toxunduğu məsələlər və istifadə etdiyi terminlər Rusiyanın mövqeyi ilə bağlı suallara aydınlıq gətirdi. Mətbuat konfransından aydın olan əsas üç məsələni qeyd etmək olar: Minsk Qrupunun taleyi, Rusiyanın Avropa İttifaqının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində fəallığına münasibəti və Rusiyanın mövcud reallıqla barışması.

Sergey Lavrov Minsk Qrupunun fəaliyyətini dayandırdığını, və bugünkü görüşdə Azərbaycanlı həmkarı ilə ümumiyyətlə Minsk Qrupunu müzakirə etmədiklərini bildirdi. Bununla da o, ATƏT-in Minsk Qrupunun taleyi ilə bağlı Rusiyanın da mövqeyinin Azərbaycanla eyni olduğunu bəyan etmiş oldu. Hazırda əsas sənədin, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın olduğunu vurğulayan Lavrov bununla da, yeni reallığa uyğun olmayan mövzuları gündəmə gətirməyə çalışan Ermənistana və Minsk Qrupunun digər həmsədr ölkələrinə öz mesajını verdi. Qısa bir müddət öncə Karen Donfridin dili ilə Rusiya ilə Minsk Qrupu çərçivəsində əməkdaşlıq bəyanatı verən ABŞ bundan nəticə çıxarmalıdır.

Anlaşılandır ki, uzun illər münaqişəni və danışıqları öz monopoliyasında saxlamağa çalışan Rusiya, başının qarışıq olduğu bir müddətdə Avropa İttifaqının son dövrlərdəki aktivliyindən narahat olub. Avropa İttifaqının son dövrlərdəki fəallığından sonra Rusiya anlayır ki, yeni rəqabət mühiti yaranıb və bu sahədə aktivliyi daha da artırmaq lazımdır.

Avropa İttifaqının ardından Lavrovun da, mətbuata konfransında “Dağlıq Qarabağ” yox, Qarabağ ifadəsini işlətməsi ondan xəbər verir ki, Rusiya da Aİ kimi, mövcud reallığı qəbul edir və bu reallığa uyğun hərəkət etməyi planlaşdırır. Rusiya anlayır ki, mövcud reallığı qəbul etməyib, marjinal qalan aktorlar gec-tez oyundan kənarda qalır. Ona görə də, Rusiya proses çərçivəsində faəliyyətini artırıb daha ciddi rol oynamağı qarşısına məqsəd qoyub.

Rusiya bu prosesdə liderliyini qorumaq üçün mətbuat konfransında toxunulmayan, lakin, Rusiya-Azərbaycan gündəliyində olan iki məsələ ilə bağlı Azərbaycanın maraqları ilə uzlaşan siyasət yürütməlidir: Rus sülhməramlılarının nəzarətində olduğu ərazilərdən erməni hərbi birləşmələrinin çıxarılması və Laçın yoluna Azərbaycanın nəzarətinin tətbiq edilməsi.


@cssc_cqtm


Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti artır

Son dövrlər dünyada gedən geo-siyasi proseslər regionumuzda və onun ətrafında nəqliyyat habına çevrilmək uğrunda gedən mübarizəni daha da sürətləndirmişdir. Rusiya-Ukrayna müharibəsi Çin ilə Avropa arasında yükdaşımalarda Rusiyadan keçən yolların (Trans-Sibir) sanksiyalara görə istifadədən kənarda qalmasına səbəb olur. Belə olan halda dövlətlər alternativ yollar axtararaq yükdaşımaların fasiləsizliyini təmin etməyə çalışırlar. Bu baxımdan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) Rusiyadan keçən yollara əsas alternativ kimi əhəmiyyəti artmaqdadır.

TBNM-nin əhəmiyyətinin artması prosesi hələ Rusiya-Ukrayna müharibəsi başlamamışdan əvvəl artıq baş verirdi. Pandemiya dövründə qlobal təchizat-zəncirinin pozulması və dəniz ilə yükdaşımalar ilə bağlı probelmlərin yaranması qurudan keçən yolların əhəmiyyətinin artmasına səbəb olurdu. Digər tərəfdən Cənubi Çin Dənizi və Tayvan uğrunda ABŞ və Çin arasında mübarizənin güclənməsi dəniz vasitəsilə daşınan yüklərin bir hissəsinin quru yollarına cəlb ediləcəyi gözlənilir.

Bu proseslərin fonunda TBNM üzrə yükdaşımaların həcmi artıq artmaqdadır. Belə ki, statistik rəqəmlərə əsasən bu marşurt üzrə yükdaşımaların həcmi 2021-ci ildə 2020-ci ilə nisbətən 52%, 2022-ci ilin yanvar-fevral aylarında 2021-ci ilin eyni dövrünə nisbətən 15 % artmışdır.

TBNM-nin əhəmiyyətinin artması ilə bu dəhlizin əsas iştirakçılarından biri kimi Azərbaycanın da əhəmiyyəti artmaqdadır. Ümumiyyətlə, Azərbaycanın regionda nəqliyyat habına çevrilməsi istiqamətində zəruri işlərin görülməsinə uzun illər əvvəl başlanılmışdır. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu istiqamətdə icra edilmiş əhəmiyyətli layihələrdir. Bundan başqa, ölkə daxilində avtomobil yolları bərpa edilmiş, yeni magistral yolları tikilmişdir. Qeyd edilən layihələrin icrası Azərbaycana hazırkı geo-siyasi vəziyyətdən öz maraqları üçün istifadə etmək və öz mövqeyini möhkəmləndirmək imkanı yaradır.

İkinci Qarbağ Müharibəsindən sonra Azərbaycanın regionda formalaşdırdığı yeni reallıq da onun reginal hab kimi mövqeyinin möhkəmlənməsinə tövhə verəcəkdir. Belə ki, artıq Zəngəzur Koridorunun açılması istiqamətində işlər aparılır və bu koridor açıldıqdan sonra Şərq-Qərb nəqliyyat dəhlizinə yeni bir qol əlavə ediləcəkdir və Azərbaycan bu yoldan istifadədə əsas vasitəçi kimi özünün mövqeyini daha da möhkəmləndirəcəkdir. Bundan başqa İranla da Zəngəzur Koridoruna paralel olan və İran ərazisindən keçən yolun salınması ilə bağlı razılıq əldə edilmişdir və bu istiqamətdə də işlər aparılır. Ermənistanın Zəngəzur Koridorunu açmaq istəməsə belə Azərbaycanda İrandan keçən yol ilə qərb istiqamətdində yükdaşımaları həyata keçirə biləcəkdir. Hər iki yolun açılması isə əlavə üstünlük yaradaraq bir-birini tamamlayan iki yolun mövcudluğuna səbəb olacaqdır.

Zəruri nəqliyyat infrastrukturunun mövcudluğu və qeyd edilən əlavə dəhliz və yolun açılması Azərbaycana Şərq-Qərb dəhlizi üzrə yükdaşımalarda gözlənilən artımı qarşılamaq imkanı yaradacaqdır.

Hazırda TBNM-nin aktivləşdirilməsi üçün mövcud olan əsas problem trans-sərhəd tariflərinin uyğunlaşdırılmasıdır ki, yükdaşımalar zamanı əlavə xərc və ləngimələr yaranmasın. Bu istiqamətdə də artıq iştirakçı ölkələr işləyirlər. 2022-ci ilin aprel ayında TBNM-ə üzv ölkələr, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin dəmiryol qurumları "Middle Corridor" (Orta Dəhliz) birgə müəssisəsini yaratmaq ilə bağlı razılığa gəliblər. Bu müəssisə yüksək keyfiyyətli nəqliyyat və lolgistika xidmətlərinin göstərilməsini, trans-sərhəd tariflərinin uyğunlaşdırılmasını təmin edəcək və Çindən Türkiyəyə yük daşımaları üzrə xidmətlərin tam avtomatlaşması üçün vahid IT platforması yaradacaqdır.

@cssc_cqtm


Qarabağ erməniləri Ermənistana neçəyə başa gəlir?!

İkinci Qarabağ Müharibəsinin yaratdığı nəticələrə baxmayaraq Qarabağda yaşayan erməni əhalinin gəlirləri Ermənistanın hesabına formalaşır. Ümumiyyətlə erməni əhalinin gəlirləri əsasən Ermənistan büdcəsindən "dövlətlər arası" kredit adı altında köçürülən vəsaitlər hesabına formalaşır. Son iki ildə gəlirlərinin dinamikasına fikir versək görərik ki, 2020-ci ildə gəlirlərin ümumi həcmi 2019-cu il ilə müqayisədə 18.9 milyon dollar (8%) azalsa da, 2021-ci ildə 44% artaraq 323.8 milyon dollara çatmışdır.

Qarabağdakı Erməni əhalinin gəlirlərinin ümumi həcminin 2021-ci ildə artması əsasən Ermənistan tərəfindən köçürülən maliyyə vəsaitləri hesabına baş vermişdir. Bu köçürmələrin həcmi 2019-cu ildə 120.5 milyon dollar, 2020-ci ildə isə 153.4 milyon dollar olmuşdur. 2021-ci ildə isə əvvəlki il ilə müqayisədə 1.6 dəfə artaraq 255.9 milyon dollara çatmışdır. Ermənistandan köçürülən vəsaitlərin həcminin 2022-ci ildə də artırılması planlaşdırılır. İlkin prqonzolara əsasən bu vəsaitlərin həcmi 302.5 milyon dollar səviyyəsinə çatacaqdır.

Göründüyü kimi Qarabağdakı erməni əhalinin gəlirlərinin formalaşmasında əsas mənbə kimi Ermənistan tərəfindən köçürülən vəsaitlər çıxış edir. Son üç ildə Ermənistan büdcəsindən köçürülən vəsaitlərin ümumi gəlirlərdə payı da əsaslı şəkildə artmışdır. Əgər bu pay 2019-cu ildə 49.4% təşkil edirdisə 2020-ci ildə 68.2%-ə, 2021-ci ildə 79%-ə qədər artmışdır. 2022-ci ildə isə 78.1% səviyyəsində olacağı gözlənilir.

Bu göstəricilər onu deməyə əsas verir ki, Ermənistan hökuməti Qarabağdakı erməni əhalisinin maliyyə təhlükəsizliyinin təmin edilməsində əsas rola malik olan aktor kimi çıxış etməkdə davam edir və müharibənin yaratdığı iqtisadi problemlər onları Ermənistandan iqtisadi baxımdan daha çox asılı salmışdır. Onu nəzərə alsaq ki, Ermənistan maliyyə imkanlarının məhdudluğu səbəbindən dövlət büdcəsinin icrasını əsasən xaricdən cəlb etdiyi borclar hesabına həyata keçirir və son illərdə xarici borc sürətlə artır o zaman xarici borcların da Qarabağdakı erməni əhalinin ayaqda saxlanılmasında rol oynadığını deyə bilərik.

Digər tərəfdən müharibə nəticəsində Qarabağdakı erməni əhalinin əlindən böyük həcmdə mədən sənayesi, kənd təsərrüfatı və enerji ehtiyatları çıxmışdır. Müharibəyə qədər Ermənistanın bu ehtiyatlardan faydalanaraq gəlir əldə etməsinə baxmayaraq hazırda böyük həcmdə ehtiyatların əldən çıxdığından Qarabağın Ermənistan üçün iqtisadi baxımdan çəkisi azaltmışdır. Ona görə də Ermənistandan Qarabağdakı erməni əhalisinə köçürülən vəsaitlərin azalmasını gözləmək olardı. Lakin, biz bunun əksini görürük və bu onu deməyə əsas verir ki, Ermənistan öz siyasi məqsədləri və münaqişəni uzatmaq üçün Qarabağdakı erməni əhalinin ayaqda qalmasında maraqlıdır. Sülh danışıqlarına paralel olaraq bu prosesin getməsi Ermənistan hökumətinin sülhün əldə edilməsi istiqamətində niyyəti ilə bağlı şübhə yaradır.

@cssc_cqtm


Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM) Azərbaycanda, Bakı şəhərində yerləşən, Cənubi Qafqazda və onun qonşuluğunda gedən siyasi və iqtisadi prosesləri tədqiq edən müstəqil qeyri-hökumət təşkilatıdır.

The Center for Studies of the South Caucasus (CSSC) is a non-governmental independent research organization based in Baku, Azerbaijan, focusing on the political and economic processes in the South Caucasus and its neighborhood

Показано 17 последних публикаций.

274

подписчиков
Статистика канала