Göylərdə yaşayan qız, yerdə mən, göydə sənsən.
Sən indi göydəsənsə, deməli, göy də sənsən.
Əzizim, göy də sənsən,
Ən gözəl küy də sənsən.
Mən ölmüşəm, toyunda
Gəlin də, bəy də sənsən.
Gedişinlə özünü öyə-öyə haqlısan
Göydən yerə daş yağsa, yerdən göyə haqlısan.
Əziziyəm, yaş yağar,
Meydanlara baş yağar.
Üzümü göyə tutsam,
Göydən yerə daş yağar.
Həddi qədər sevmədi, həddini də yar aşdı,
Sənə gülmək yaraşdı, mənə ölmək yaraşdı.
Əziziyəm, yar aşmır,
Sərhərdləri yar aşmır.
Sənə mənsiz yaraşan
Mənə sənsiz yaraşmır.
Dedin səni unudub ta ən başa dönmüşəm,
Sən unudan yol üstə mən əyyaşa dönmüşəm.
Əzizim, yaşa dönsün,
Baharım qışa dönsün.
Dedin başa dönmüşəm,
İnanan daşa dönsün...
Ey sevgili, getmisən, necə tapım təsəlli?
Kaş qoymazdım getməyə, yapışardım yüz əlli
Əzizim, minə dəydi,
Bir ürək minə dəydi.
Min şükür, daşa döndüm,
Ayağın mənə dəydi...
Darıxıram səbəbsiz, ey ürəyin parası,
Sən istə, sənin olsun gözlərimin qarası.
Əziziyəm, düz qoydu,
Çörək qoydu, duz qoydu.
Gözləri yara verdim,
Kirpiyimə göz qoydu.
Yan-yörəmdə dost-tanış, ağlıyıram gizlicə
Ağlım almır, sevgilim, ayrılmışıq biz necə?
Mən aşiq, içi göynər.
Beş qalar, üçü göynər.
Burnumdan gətirənçün
Burnumun ucu göynər.
Bilirdin ki, qəlbimin evindəki qadınsan
Hər içəndə qədəhin dibindəki qadınsan.
Aşiqəm, dərsin keçsin.
Yar məni əzsin keçsin.
Mən yarüçün yol olum,
Üstümdə gəzsin keçsin.
Söylə mənə cananım, könül hanı, can hanı?
Dağ ürəkli şairin daş ürəkli cananı!
Mən aşiqəm, düz verdim
Çün yarıma söz verdim.
O yarın nə günahı,
Özüm ona üz verdim...
(c) Elroman Əlizadə